TÜRK POEZİYASI

Dadaloğlu

Dadaloğlu tanınmış bir xalq ozanıdır.18-ci yüzilin sonlarında doğulub, 19-cü yüzilin ortalarında öldüyü söylənilir. Doğum və ölüm tarixləri haqqında dəqiq məlumat yoxdur. Oğuzların Avşar boyundandır.
Osmanlı Dövlətinin köçəri Türkmən tayfalarını birləşdirmək niyyətini həyata keçirmək üçün çalışdığı, bununsa müxtəlif çatışmalara səbəb olduğu da bilinir. Dadaloğlunun şeirləri oturaq həyata keçmək istəməyən Türkmən tayfalarının sözlü tarixi sayıla bilir.

 

Əslimi sorsanız


Əslimi sorsanız avşar elindən,
Ayrı düşdüm aşirətdən, bəyimdən.
O bulaq başından beş yüz evinən
Durub öz canına qıyanlardanam.

Çəkərəm çiləni qoy olsun, bu gün
Alırammı sandın o Kozan dağın.
Biz bir qurdu idik Bozoklu köyün
Hürküdüb sürüsün yeyənlərdənəm.

Mən Dadaloğluyam belə olmazdım,
Gördüyüm günlərin birin görməzdim.
Dava-dalaşlarda geri durmazdım,
Meydanda qardaşa qıyanlardanam.

Görünür


Çıxdım təpəsinə seyran eylədim,
Yaylaqlarda çayır çəmən görünür.
Bir ayrılıq gəldi, çoşdum, ağladım
Al yaşıl bağçalı Kaman görünür.

Çaşdım, ay Allahım, gör mən də çaşdım,
Dolandım Ağdağı Bozaka düşdüm.
Yozqatın üstündə bir atəş seçdim,
Yanıb, alovlanıb duman görünür.

Bitər Kırşəhərin gülləri bitər,
Çığırışıb güllərdə bülbüllər ötər.
Bəstəboy gözəllər hər şeydən betər,
Onların qaşında kaman görünür.

Gönül arzulardı Niğdəyi, Boru,
Gün gündən artmaqda igidin zoru.
Çiftə bədəstanlı qoca Qayseri
Ərciyəs önünüdə yaman görünür.

Mən Dadaloğluyam, bəllidi zatım,
Çəkin yəhərləyin gökcə Qır atı.
Köçmək deyil bizim elin muradı,
Əğyara getməmiz güman görünür.


Durnam gəlir qatar-qatar
Durnam gəlir qatar
Qanadın boynuna atar.
Səhər tezdən bir quş ötər,
Ötüşü gül dalındadır.

Qır atın sarı donlusu,
İgidin gözü qanlısı.
Gözəlin köksü mənlisi,
O da Aydın elindədir.

Kədərlənmə dəli könül,
İgidə hörmətlər olur.
Namlı-namlı qar istərsən,
O da Çiçək dağındadır.

Dadalam mən yoxdu malım,
Dediklərim haqqa məlum,
Allahın sevdiyi qulum,
Sevdiciyim yanımdadır.

Oturmuş bir gəlin daşın üstündə
Oturmuş bir gəlin daşın üstünə,
Daramış zülfünü qaşın üstünə.
Bir salam göndərdi başım üstünə,
Alaram qız səni, qoymam illərə.

Bir daş atdım qarlı dağlar ardına,
Yuvarlandı düşdü yarın yurduna.
Mən yenə də düşdüm sevda dərdinə,
Alarım əhdimi qoymam illərə.

Atımın quyruğu cura saz kimi,
Divana vurmuş da ərgən qız kimi.
Allanmış yanağı bahar yaz kimi,
Gətirin Qır atı, göçüm ellərə.

Mən Dadaloğluyam oldum qesdine,
Gəlib keçən salam verər dost mənə,
Köçəkmi bilmirəm Namrun üstünə,
Gedimmi bu qəhbə bolqar ellərə?


Özdəmir Asaf

11 iyun 1923-cü ildə Ankarada doğulub, 28 yanvar 1981-ci ildə İstanbulda vəfat edib. Əsl adı Xalid Özdəmir Təmizlə. İstanbul Universitetindən ali təhsilini yarıda buraxıb. Bir müddət sığorta prodüserliyi edib. İlk yazısı 1939-cu ildə «Servetifünun-Oyanış» jurnalında çıxıb.1951-ci ildə Sənət mətbəəsini, 1955-ci ildə «Yumru masa» nəşriyyatını qurub.
«Dünya qaçdı gözümə» (1955) , «Sən, sən, sən» (1956), «Bir qapı qarşısında» (1957), «Yumrunun küncləri» (1961), «Necəsən» (1970), «Çiçəkləri yeməyin» (1975), «Təklik paylaşılmaz» (1978), «Məndən sonra xoşbəxtlik» (1983) kitablarının müəllifidir.

Adsız şeirlər

Mən sizə neylədim
Sizi çağırdımmı, sizə hədiyyəmi verdim,
yoxsa cəzamı
Nə vardı belə qarşıma keçəcək
Mən nə yazılar nə qaralamalar itirdim
xatırlamadım
Nə var ki, sizinki onlarınkı kimi getməyəcək...

Artıq olan oldu
Getməniz, getməməyiniz bir
Mən də xəyallar qursam da, qurmasam da
Gözlərimə çöküb gözləriniz.

Mən sizə neylədim,
Nə pisliyim oldu sizə
İnanın - bəlkə də inanmadınız-
Sizi bu ana qədər tanımazdım
İnanmaq, tanımaq yarışı yaraşmaz sizə
Qarşıma çıxmayacaqdınız.
Qarşımda bir şəkil kimi göründü
Qura bilmədiyim xəyaların çəkdiyi,
siz
Həm gözümə, həm düşüncəmə
İlişib qaldınız
Rənglərinizlə və görümünüzlə
Özünüzə bənzəməyən siz.

Məni məndən aldınız
Məni məndən apardnız
Göz görməyə-görməyə
Bir uzağa buraxdınız
Özümə dönməyə artıq çox gec.


Ağlamaq

Ağlamaq
Bəzi ağrıları azaltmaz
Bəzi ölümlərə yetməz

Qaysağıdır bəzi ağrıların
Bəzən alar üstünü bəzən almaz
Təsəlli edən bir müddət

Ağlayanlar sevinməli
Sevin, ağlaya bilirsənsə
Ağrılar ard-arda gələndə dözməli

Döz bir növbətçi kimi
Döz bir gözətçi kimi
Gülə bilsən zamana gülməli

Sevin ağlaya bilirsənsə
Unutmanın qardaşıdır ağlamaq
Yatar oyanar yatağında duyğuların
Düşüncələrin qucağında həmişə uşaqdır
Ağlamaq.

2=1

Kim o, demə boşuna...
Mənəm, mən.
Elə bir mən ki, gələn qapına;
Başdan başa sən.


Eşq

Sən böyük səhralarda bir izdiham kimisən,
Böyük dənizlərdə nadir bir balıq kimisən.
Bir isidərsən, bir üşüdərsən, bir ağladarsan, bir güldürsən;
Sən həm bir xəstəlik, həm də sağlamlıq kimisən.


Mən deyildim

Bir axşamüstü pəncərəndən baxırdın
Ağır-ağır yollara enən qaranlığa.
Mənə bənzəyən biri keçdi evinin qarşısından.
Ürəyin başladı sürətlə çarpmağa.
O keçən mən deyildim.

Bir gecə yatağında yatırtdın.
Oyandın birdən, səssiz dünyaya.
Bir yuxunun parçası idi gözlərini açan,
Və qaranlıqlar içində idi otağın...
Səni görən mən deyildim.

Mən çox uzaqdaydım o zaman,
Başladın ağlamağa, səbəbsiz ağlamağa.
Artıq məni düşünməyə başladığından
Buraxdın özünü eşq içində yaşamağa.
Bunu bilən mən deyildim.


Bir kitab oxuyurdun dalğın.
İçində insanlar sevər, ya da ölürdülər.
Gənc bir adamı öldürdülər romanda.
Qorxdun, bütün gücünlə ağlamaya başladın.
O ölən mən deyildim.

DİGƏR MƏQALƏLƏR