RUS NƏSRİ - Valentin Rasputin

Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir। Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.

Gələn il 75 yaşı tamam olacaq yazıçı hal-hazırda İrkutskidə yaşayıb yaradır.


Dimka ilə ikimiz

Dava uzandıqca uzanır, sonu görsənmirdi. Ancaq Dimka ilə mən artıq qəti bilirdik ki, bizimkilər qalib gələcəklər. Elə ona görə də 1943-cü ilin 1 sentyabr günü biz daha cəbhəyə qaçası olmadıq, əynimizə tərtəmiz köynək geyib məktəbə yollandıq.
Yolda Dimka dedi:
- Qoy hələ birinci sinfi bitirək, onda bilinər.
Biz Dimka ilə bir ayda doğulmuşduq, bir məhlədə böyümüşdük, üstəlik də şərikli velosipedimiz vardı. Biz doğulan gün atalarımız yaxşıca vurublarmış, sonra da pul qoyub velisoped almışdılar ki, biz Dimka ilə həmişə dost kimi yaşayaq. Hələ atalarımız sözləşiblər ki, böyüyəndə bizə ortaqlı tüfəng də alsınlar, di gəl, Dimka bir yaşa çatanda atası tutulmuşdu.
Məktəbimiz sən deyən çox da balaca deyildi, ancaq otaqların hamısından istifadə olunmurdu. Bütün uşaqları iri bir sinif otağına doldurmuşdular. Pəncərə tərəfdən biz birincilər, ikinci cərgədə isə ikincilər otururdu. Üçüncü sıranın hamısını və dördüncü sıranın tən yarısını üçüncü sinfin uşaqları tutmuşdular. Ən arxadakı üç parta da dördüncülərin yeri idi. Dərslər hamısı birinci növbə keçilirdi, sonra müəlliməmiz nahar eləyib, üç kilometr aralıdakı Petrovka kəndinə tələsirdi. Çünki Petrovkalıların müəllimi harasa getmişdi.
İlk dərs günü kənd sovetinin sədri Kostya dayı sinfimizə gəldi. Kostya dayı bir ayağını cəbhədə itirmişdi. Qoltuqağacını müəlliməyə verib, özü onun yerində oturdu.
- Ataları cəbhədə olanlar ayağa qalxsın!
Sinfin yarıdan çoxu qalxdı.
- Cəbhəçilərin uşaqları yaxşı oxumalıdır!
Müəllimə tələsik söhbətə qarışdı:
- Konstantin Petroviç, bütün uşaqlar yaxşı oxumalıdır!
- Elədir, ancaq cəbhəçilərin balaları gərək başqalarına nümunə göstərsinlər. Aydındırmı?
- Aydındır, - deyə biz bir ağızdan qışqırdıq.
Bir az yazı-pozu öyrənmişdik ki, Kostya dayı yenə gəldi.
- Davada həlak olanların uşaqları ayağa qalxsın!
Səkkiz uşaq yerindən durdu. Kolka Afanasyev də əvvəlcə ayağa qalxdı, tez də karıxmış kimi yerində oturdu və gözlədi ki, görsün ona nə deyəcəklər: dursun, ya otursun? Kolkanın yerində düzü heç mən də neyləyəcəyimi bilməzdim; atası düz bir ildi ki, xəbərsiz-ətərsiz yoxa çıxmışdı. Kostya dayı uşaqlara baxıb:
- Əclaflar! - deyə qəfildən bağırdı. - Vəhşilər! Cəlladlar! Gör kimləri öldürdülər! Gül kimi balalarımızı yetim qoydular!
Biz daş kimi yerimizdə quruyub qalmışdıq. Kostya dayı isə hirsindən tir-tir əsirdi. Elə ona görə başqa heç nə deyə bilmədi, handan-hana özünü cəmləyib müəlliməyə sarı döndü:
- Bu uşaqları fərqləndirmək lazımdır. Qoy hamı görsün ki, onların ataları faşistlərlə mübarizədə həlak olub. Demək belə: onların partalarına bayraq sancın! Özü də qırmızı bayraq, sovet bayrağı!
Dərsdən sonra biz vaxtilə məktəbin girəcəyindən asılan və üzərində "YAŞASIN 1 MAY" sözləri yazılmış qırmızı şiləni şkafdan tapıb çıxartdıq, xırda-xırda bayraqlar kəsib düzəltdik. Başqası yox idi. Ümumiyyətlə, o vaxt çox şey çatışmırdı. Hətta dəftərimiz də. Dəftər əvəzinə qəzetdən istifadə edirdik, mürəkkəbi isə sobanın qurumundan düzəldirdik. Əlbəttə, hamısı davanın ucbatından idi və biz uşaqlar bunu başa düşürdük.
Səkkiz bayraq düzəldib, parçanın qalığını yerinə qoyduq. Bu, ataları cəbhədə vuruşanların payı idi.
Evə qayıdanbaş Dimka dedi:
- Əhsən Kostya dayıya!
- Dimka, - dedim, - bəs Kolka necə olsun?
- Nə bilim? Axı onun atası itkin düşüb.
- Nolsun ki?
- Bəlkə, cəbhədən qaçıb?
- Nə danışırsan, Dimka? Qaçsaydı, evə gələrdi də! Evlərinə gəlməyibsə, demək qaçmayıb, davada həlak olub. Yəqin öləndə onu görməyiblər. Başa düşürsən, Dimka? Kolkanın atası qəhrəmancasına ölməyib, adi əsgər kimi ölüb.
- Nə deyim?!
- Kolkaya da bayraq düzəltmək lazımdır. Elə bilirsən ona toxunmur?
- Nə deyirəm, gedək düzəldək.
Məktəbdə heç kəs yox idi; uşaqlar evə getmişdilər, müəllimə də Petrovkaya. Biz şiləni şkafdan çıxarıb daha bir bayraqlıq kəsdik, bayraq düzəldib Kolkanın partasına bərkitdik. Ertəsi gün Kolka bayrağı görüb çaşdı, elə bildi partasını səhv salıb.
- Afanasyev, sənə kim icazə verib? - müəllimə bozardı.
Kolka yerindən dik atıldı:
- Mənim xəbərim yoxdu, mən...
- Bayrağı kim düzəldib?
Biz ayağa qalxdıq.
- Niyə? Cavab verin!
- Kolkanın atası cəbhədən qaçmayıb, - dilim topuq vura-vura dedim. - Qaçsaydı, mütləq evə gələrdi, axı qaçası başqa bir yeri yoxdu. Kolka, düzdürmü atan evə gəlməyib?
- Yox gəlməyib! Pioner vicdanıma and içirəm.
- Bəsdir, oturun!
Müəllimə ağır-ağır yerinə keçdi.
- Uşaqlar, pəncərələri açaqmı?
- Açaq! - Hamımız xorla qışqırdıq.
Yaz gəlmişdi. İçəri dolan sərin mehdən bayraqlar sanki cana gəlib nəfəs almağa başladı. Sonra müəllimə pəncərələri bağladı ki, bəs dərsə başlayırıq. Onda məktəbdə zəng də yox idi: müəllimə içəri girəndə dərs başlanır, çıxanda - qurtarırdı.
Əlifba kitabımın yarısı ancaq qalmışdı. Dimkanın kitabı da bu kökdə idi: ikimizinkindən bir kitab çıxardı.
Birdən Dimka böyrümü dümsükləyib qapını göstərdi. Kiçik qardaşım Jenka idi, qapıda durub baxırdı. Məni görən kimi üstümə yeridi. Uşaqlar gülüşdülər. Mən yerimdən sıçrayıb qışqırdım:
- Burda nə gəzirsən?! Haydı evə!
- Volodya, atamızı davada öldürüblər...
- Nə çərənləyirsən?
- Anam məktub alıb, oturub ağlayır.
Bayıra qaçdım. Arxadan Dimkanın səsini eşitdim:
- Volodya, dayan, Volodya!
Evimiz adamla doluydu. Anamın hönkürtüsünü eşidib geri döndüm. Qapıda Dimka ilə rastlaşdım, onun yanından ötüb kəndin qırağına yollandım. Hələ məktəbdə oxumadığımz vaxtlar Dimka ilə birgə qazıb yastıladığımız torpaq komacığın yanında ayaq saxladım. Dimka da çatıb böyrümdə oturdu.
- Ağlayacaqsan? - soruşdu, mənsə dinmədim. - Adamın atası öləndə ağlamaq ayıb deyil!
- Nə xeyri var ki?
- Deyirlər adam yüngülləşir. Eh, hayıf Vasya dayıdan. Sən özünü ələ al, Dimka. Bax, mənim atam sağdır, amma nə fayda? Atasız kimiyəm. Ondan da betərdir: lap xəcalət çəkirəm.
- Sən ki heç onun üzünü görməmisən.
- Anam tez-tez xatırlayır. Elə bilirsən atanın xalq düşməni olması yaxşı şeydir?! Lap bezmişəm.
- Bəlkə o yaxşı adam olub?
- Nolsun? Bəs ruslara qarşı vuruşsa?
Cavab vermədim. Bir az keçmiş soruşdum:
- Dimka, mənimlə məktəbə gedərsən?
- Gedək. Amma özünü ələ al.
Bayraq düzəldib partamıza taxdıq, sonra yanaşı oturub ona tamaşa elədik. Atamın olmadığını bir daha hiss etdim. Başa düşdüm ki, o artıq yoxdur. Heç vaxt da olmayacaq. Ağlamaq istəsəm də, göz yaşımı boğub ağlamadım. Di gəl, bir damcı yaş, necə oldusa, sürüşüb partanın üstünə düşdü. Tez qolumla sildim ki, Dimka görməsin, o isə deyəsən görmüşdü.
- Məndən çəkinib eləmə, Volodya, sənə bədbəxtlik üz verib, zarafat deyil…
- Biz elə ikimiz də bədbəxtik, Dimka. Ancaq sən məni atmayacaqsan, eləmi?
- Bir buna bax! Gör nə fikirləşir! Mən heç səni ataram?!
Bir azdan evə döndük. Yavaş gedirdik, heç istəmirdim evə çatım. Dimka soruşdu:
- İstəyirsən səninlə gedim?
- Hə.
Evdə sakitlik idi. Anam Jenkanı qucağına alıb elə çarpayıdaca yuxulamışdı, Dimkanın anası Valya xala da böyründə oturmuşdu. Gəldiyimizi görən kimi Valya xala tez dedi:
- Gedin bizə, gedin bir şey yeyin, indi özüm də gəlirəm.
O gecəni Dimkagildə yatdım. Dimka ilə bir çarpayıda. Səhər də birgə məktəbə getdik.

Birinci sinfi bitirməyimizə ay yarım qalmışdı ki, davada zədə alan bir kapitan cəbhədən qayıtdı; deyəsən müəllimənin nişanlısıydı, çünki ondan bir addım aralanmırdı. Hətta bir dəfə dərs vaxtı sinfə də gəldi. Müəllimə dördüncülərə tapşırıq verəndə, o bizə cəbhədə gördüklərindən danışdı. Birdən barmağını mənə tuşladı:
- Qoçaq, de görüm, sənin atanın rütbəsi nə idi?
Yerimdən sıçrayıb ucadan: "Serjant" dedim, ancaq "r" hərfini yaxşı tələffüz edə bilmədiyimdən söz ağzımdan "seljant" kimi çıxdı. Kapitan əlini əlinə vurub bərkdən güldü:
- Sən ki "er" hərfini deyə bilmirsən?! Yox, qoçaq, bu olmadı, səni cəbhəyə götürməzlər.
Yerimdəcə qurudum. Düzdü, mən bu saat cəbhəyə hazırlaşmamışdım. Amma hazırlaşmamaq ayrı, götürməzlər ayrı.
- Yox, götürməzlər! Bilirsən niyə? Qulaq as! Döyüşün uğuru nədədir? Hücumda, eləmi? Ay sağ ol! Bəs hücumun əsasını nə təşkil edir? Bax, tutalım ki, əsgərləri ayağa qaldırmaq lazımdır, onda mən neyləyirəm? Əlbəttə ki, qalxıb düşmənin səmtinə baxıram və qışqırıram... hə, qoçaq, de görüm, mən nə qışqırıram?
Mən əlbəttə ki, "ura" dedim, amma bu dəfə də söz ağzımdan "ua" kimi çıxdı.
- Yox, qoçaq, yenə olmadı. "Ua" yox, "ua"nı beşikdə, döş istəyəndə qışqırırlar. Mənsə öz əsgərlərimi döyüşə qaldıranda bax bu cür qışqırıram: ur-ra!
- Petya! Petya! - müəllimə onu dayandırmaq istədi.
- Ur-ra! - deyə kapitan bərkdən çığıra-çığıra dəli kimi bizə baxırdı. - Hə, qoçaqlar, deyin görüm, mən belə qışqıranda bəs sizin atalarınız, qardaşlarınız mənə necə cavab verirlər?
- Ur-ra! - deyə uşaqlar sevinclə yerlərindən qalxıb bir-birlərinə qarışdılar. Təkcə Dimka ilə ikimiz susmuşduq. Axırda kapitan bizə yaxınlaşdı:
- Bax, "ura"nı belə qışqırarlar. İndi bildin səni niyə cəbhəyə götürməzlər?
- Petya, bəsdir! - müəllimə bozardı.
- Daha gedirəm, yorulub əldən düşdüm, - deyə kapitan qapıya tərəf yönəldi. - Hə-ə, hücum başa çatdı, düşmən basıldı. Afərin, qoçaqlar!
Dərsdən sonra Dimka ilə birgə torpaq komacığımızın yanına gəldik. Dimka məni ovutmağa çalışdı.
- Sən ona fikir vermə…
- Səfehin biridir…
- Lap gicin yekəsidir!
- Qulaq as, Dimka, gəl elə bu dəqiqə gedib ona deyək ki, sən kapitan yox, gicsən, gicin lap yekəsisən.
- Yox, lazım deyil. Küsər, daha cəbhəyə getməz. Qoy gedib vuruşsun. Bəlkə bir-iki faşist öldürdü. Onsuz da dava qurtaranda gic olduğunu ona deyəcəklər.
- Bəlkə, demədilər?
- Necə deməzlər? Dava qurtarandan sonra belə səfehlərin nazıyla oynayan kimdi?
- Bəs onları neyləyəcəklər?
- Neyləyəcəklər, zorla oxutduracaqlar! Sən heç bilirsən dava qurtaranda dünya necə olacaq?
- Necə?
- Davasız. Davasız yaşayacağıq...
Bir neçə gündən sonra biz birinci sinfi başa vurduq. Dava isə qurtarmamışdı, hələ davam edirdi. 1944-cü ilin may ayı idi.


Ana harasa gedib

Uşaq gözlərini açdı və tavan boyunca o baş-bu başa gəzişən milçəyə bir müddət tamaşa eləyəndən sonra yatağında dikəlib qışqırdı:
- Ana, mən oyanmışam!
Ancaq heç kəs ona cavab vermədi.
- Ana, mənə əhsən, mən oyanmışam.
Yenə səs gəlmədi. Uşaq atılıb çarpayıdan düşdü və qonşu otağa qaçdı: otaq boş idi. Növbə ilə kresloya, masaya, kitab dolabına baxdı, sonra mətbəxə və vanna otağına yüyürdü - heç kəs yox idi.
- Ana! - var gücüylə bir də qışqırdı.
Otağa təzədən sükut çökdü. Uşaq gözlərinə inanmayıb öz otağına qayıtdı. Bu dəfə sakit, mülayim səslə çağırdı:
- Ana, mən oyanmışam, sənsə yoxsan.
Sükut.
- Ana, sən doğrudan yoxsan?
Səs gəlmədi, uşaq da ağlamağa başladı; ağlaya-ağlaya qapıya yaxınlaşdı, dəstəkdən yapışıb dartdı, ancaq qapı açılmadı. Qapını yumruqlamağa, təpikləməyə başladı. Sonra keçib otağın ortasında durdu. İsti, iri göz yaşları yanağından süzülüb döşəməyə tökülürdü.
Otaqda nə vardısa hamısı sükut içində uşağa qulaq asırdı. Birdən ona elə gəldi ki, indicə arxadan ayaq səsləri eşidiləcək. Ancaq ayaq səsləri eşidilmədi və uşaq yerə uzanıb daha bərkdən ağlamağa, hıçqırmağa başladı. Nə qədər ağladığını özü də bilmədi, amma birdən hiss etdi ki, evdə kimsə var. Tez ayağa qalxıb otağa göz gəzdirdi, qaçıb mətbəxə baxdı - heç kəs yoxdu. Hıçqıra-hıçqıra öz otağına gəldi. Gözlərini bir-iki dəfə yumub açdı - yenə heç kəs yox idi. Bir az fikrə gedib öz-özünə dedi:
- Daha ağlamayacam, anam gələndə də əhsən alacam.
Üz-gözünün yaşını yorğana silib otaqda fırlanmağa başladı. Birdən ağlına əvəzsiz bir fikir gəldi:
- Anacan, mən tualet istəyirəm!
Bunu yalandan deyirdi. Bilirdi ki, anası evdədirsə, hökmən özünü yetirəcək. Ancaq anasının səsi gəlmədi və uşaq onun evdə olmadığına qəti inanıb öz-özünə dedi:
- Bir az oynayaram, anam da gələr.
Ən sevimli oyuncağı olan dovşanı qucağına aldı. Dovşanın bir ayağı qopmuşdu. Atası yapışdırmaq istəyəndə qoymamışdı: axı hər iki ayağı salamat olandan sonra o, dovşanı bu qədər sevməzdi ki?
- Dovşan, gəl oynayaq. Sən xəstəsən, ayağın ağrıyır. İndi iynə vuraram, sağalarsan.
Dovşanı yatağına uzadıb balaca mıxı götürdü və qarnına iynə vurdu. Dovşan iynəyə öyrəşdiyindən tərpənib eləmədi. Uşaq təzədən qonşu otağa keçdi - heç kəs yox idi. Köks ötürüb geri qayıtdı. Dovşan həminki kimi çarpayıda uzanmışdı.
- İndi mən dovşan olacam, sənsə məni sağaldacaqsan.
Dovşanı stulun üstünə qoyub özü çarpayıya uzandı, ayağının birini qısıb ağladı. Dovşan iri gözlərini ona dikib təəccüblə baxırdı.
- Mən dovşanam, mənim ayağım ağrıyır...
Dovşan susurdu.
- Dovşan, ay dovşan, bilmirsən ana hara gedib?
Dovşan cavab vermədi.
- Dovşan, axı sən oyaq idin, sən bilirsən ana hara gedib, eləmi? - deyə onu əlinə aldı. Yadından çıxdı ki, dovşan heç vaxt danışmır və dovşanın əvəzinə həmişə o özü cavab verir.
- Cavab ver, dovşan, de görüm ana hara gedib?!
Dovşan susurdu. Götürüb dovşanı yerə çırpdı və çarpayıdan atılıb hirslə təpikləməyə başladı:
- De görüm! De! De!
Dovşan heç nə demirdi, qaçıb canını da qurtara bilmirdi. Çünki bir ayağı yox idi. Uşaq birdən bunu xatırlayıb əl saxladı və üzü üstə yerə yıxılan dovşanın səssizcə ağlamasına tamaşa elədi. O hətta dovşanın səsini də eşitdi və əyilib belinə sığal çəkməyə başladı. Sonra günahkarcasına dedi:
- Ana harasa gedib.
Birdən pilləkəndə ayaq səsləri eşidildi.
- Ana! - deyə uşaq var gücü ilə qışqırıb qapıya sarı qaçdı, ancaq kresloya ilişib yıxıldı. Qalxıb qulağını qapıya dirədi - heç bir səs-səmir eşidilmirdi. Bir qədər də beləcə durub, çölə qulaq kəsildi. Sonra ağlamağa başladı.
O, ayağının ağrısından və tək qaldığına görə ağlayırdı. Ağrının nə olduğunu artıq bilirdi, tənhalıqla isə ilk dəfə qarşılaşırdı.

Çevirəni: Mahir N. Qarayev

DİGƏR MƏQALƏLƏR