NOBEL KÜRSÜSÜ - Alber Kamyu

Görkəmli fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamyunun (1913 - 1960) yaradıcılığı bütün dünyada maraq doğurur. «Yad» povestiylə (1942) tanınan yazıçıya «Taun» (1948) romanı, povest və hekayələri, fəlsəfi esseləri böyük şöhrət qazandırmışdır. «Kaliqula» pyesi (1945) absurd teatrın tarixində mərhələ hesab olunur.

47 il ömür sürən Alber Kamyunun Nobel mükafatı alanda vur-tut 44 yaşı varıydı.

Nobel nitqi

Azad Akademiyanızın alicənablıq göstərib mənə verdiyi mükafatı alanda, dərin minnətdarlıq hissi keçirdim, çünki mənim cüzi xidmətlərimin müqabilində bu mükafatın nə qədər böyük olduğunu gözəl başa düşürəm. İstənilən adam, xüsusilə sənətkar tanınmağa can atır. Təbii ki, mən də. Ancaq sizin qərarınızı eşidəndə, mən istər-istəməz kim olduğum barədə düşünməli oldum. Kifayət qədər cavan, vur-tut öz tərəddütləri sarıdan zəngin olan, hələ yazıçı kimi kamilləşməmiş, özünə qapılıb işləyən hər kim olsa, bir anın içində onu şöhrətin zirvəsinə qaldıran qərarınızı eşidəndə qorxmazdımı? Avropada həqiqətən bu qədər nəhəng yazıçı öz qiymətini almadığı halda, üstəlik, onun vətəni bəlalar içində olduğu bir vaxtda, bu mükafatı ürək rahatlığıyla qəbul edə bilərdimi?
Bəli, mən bu qorxunu, həyəcanı hiss eldəim. Və yenə daxilən rahat olmaq üçün özümü, taleyin mənə bəxş etdiyi layiq olmadığım bu səxavətli bəxşişlə bir tərəziyə qoyası oldum. Ancaq yalnız öz şəxsi xidmətlərim bu mükafatla ölçüyə gəlmədiyinə görə, bütün həyatım boyu, müxtəlif məqamlarda mənə yardımçı olan yaradıcılığım və yazıçının cəmiyyətdə rolu barədə düşüncələrimi köməyə çağırmaqdan savayı başqa əlacım qalmadı. Mənə icazə verin bu düşüncələrimi minnətdarlıq hissiylə sizinlə bölüşüm.
Mən öz yaradıcılığımla nəfəs alıram. Ancaq bu yaradıcılığı heç vaxt hər şeydən üstün tutmamışam. Əksinə, məhz insanlardan uzaq düşməmək üçün və özümlə baş-başa qalıb, ətrafımdakıların yaşadığı kimi yaşamaq üçün o mənə lazımdır. Mənim nəzərimdə yaradıcılıq tənha sənətkarın əyləncəsi deyil. O - mümkün qədər daha çox insanın hisslərinə təsir etmək, gündəlik əzab və sevinclərin «seçilmiş» obrazını onlara vermək üçün vasitədir. Bax ona görə yaradıcılıq sənətkarı xəlvətə çəkilməyə qoymur, hətta ən bayağı həqiqətlərlə sınağa çəkir. Bəzən elə olur ki, özünü «seçilmiş» hiss etdiyin üçün sənətkar taleyini seçirsən, ancaq çox tezliklə inanırsan ki, sənin sənətin yalnız bir mənbədən qidalanır: ətrafındakılarla eyniliyini etiraf etmək. Sənətkar məhz özüylə başqaları arasında, qaça bilmədiyi gözəlliyin, qopa bilmədiyi cəmiyyətin bir addımlığında daima dolaşmaqdan yaranır. Bax ona görə həqiqi sənətkara iddialı olmaq yaddı: ona görə məhkum etməyi yox, anlamağı öz borcu bilir. Və əgər bu dünyada kiminsə tərəfində olmaq lazım gələrsə, Nitşenin məşhur kəlamında deyildiyi kimi, fəhlə, ya ziyalı olmağından asılı olmayaraq, taleyin yox, yaradıcının hökmran olduğu cəmiyyətin tərəfində olmağa borcludu.
Elə bu səbəbdən yazıçının rolu adi insani borclardan ayrılmazdır. O, tarixi yaradanların qulu ola bilməz, əksinə, onlara dözənlərin xidmətində olmalıdır. Əks halda onu tənhalıq və sənətdən uzaqlaşmaq təhlükəsi gözləyir. Və hətta onlarla ayaqlaşmaq istəsə belə, milyonlarla döyüşçüsü olan istibdad ordusu onu tənhalıqdan qoparmaq gücündə deyil. Ancaq dünyanın harasındasa təhqirə və işgəncəyə məruz qalan, heç kimin tanımadığı bir dustağın susmağıca yazıçını - azadlığın bəxş etdiyi imtiyazlar içində hər dəfə bu sükutu xatırlaya bilsə və onu öz sənəti sayəsində hamıya çatdıra bilsə - təklik əzabından qurtarmağa kifayət edər.
Ancaq bizim heç birimiz belə vəzifə üçün kifayət qədər böyük deyilik. Tanınmış, ya bir müddət məşhur olan, istibdadın buxovunda çırpınan, ya söz azadlığından bəhrələnən yazıçı hər bir şəraitdə onun varlığını təsdiq edən insanlarla həmrəylik hissini əldə edə bilər, - yeganə bir şərtlə ki, onun çətin sənətinin böyüklüyünü göstərən iki yükü gücü çatdığı qədər öz üzərinə götürə bilsin: həqiqətə və azadlığa xidmət etmək. Sənətkarın vəzifəsi mümkün qədər daha çox insanı birləşdirməkdən ibarət olduğundan, o, yalan və köləliyə əsaslana bilməz, çünki yalan və köləlik tənhalığı artırar. Yazıçının şəxsi zəifliyi nədə olsa da, bizim sənətin fədakarlığı həmişə iki çətin yerinə yetirilən vəzifəyə əsaslanacaq - bildiyin şey haqqında yalan danışmaqdan imtina etmək və zülmə müqavimət göstərmək.
İyirmi il ərzində köməksiz halda zamanın girdabına atlmış bütün həmyaşıdlarım kimi özümə yalnız bir şeylə ürək-dirək verirdim ki, bu gün yazıçı sənəti - şərəf işidi, çünki onun vəzifəsi təkcə yazmaqla bitmir. Yazıçılıq xüsusilə məni təhrik etdi ki, eyni qəzəvü-qədəri yaşayan hamıyla birlikdə, gücüm və bacarığım daxilində, aramızda bölüşdürdüklərimizin rəmzi olan təhlükə və ümid məşəlini aparam. Həmin məşəli Birinci dünya müharibəsinin sonunda doğulan, öz iyirmi yaşlarını məhz Hitler hakimiyyətinin yarandığı və eyni zamanda ilk inqilabi proseslər dönəmində qeyd eləyən, İspaniyanın və İkinci Dünya müharibəsinin dəhşətlərindən, həbs düşərgələri cəhənnəmindən keçən, işgəncələr və həbsxanalar Avropasına, indi öz uşaqlarını tərbiyə eləyən və nüvə fəlakətinin təhdid etdiyi dünyada dəyərli nələrsə yaratmağa çalışan insanlara aparmaq istəyirəm. Ona görə, məncə, heç kimin onlardan nikbinlik tələb etməyə haqqı yoxdur. Mən hətta fikirləşirəm ki, - eyni zamanda bu təzahürlərlə mübarizə aparmağı davam etdirərək - biz ümidsizliyə dözməyib rüsvayçılığı boynuna alaraq, müasir nihilizmin girdabında itib-batanların səhvlərini başa düşməyə borcluyuq. Ancaq fakt faktlığında qalır: bizim çoxumuz - mənim vətənimdə, eləcə də Avropada - bu nihilizmi rədd etdik və həyatda yeni məna axtarışına başladıq. Onlar ümumdünya savaşına səbəb ola biləcək zamanlarda yaşamaq mədəniyyətinə yiyələnməli oldular ki, təzədən dirçəlib bizim dövrdə ağalıq eləyən ölüm instiktinə qarşı amansız mübarizə aparsınlar.
Hər bir nəsil əmindir ki, dünyanı məhz o dəyişəcək. Ancaq mənim nəslim bu dünyanı dəyişməyəcəyini artıq bilir. Di gəl onun vəzifəsi, ola bilsin, əslində daha böyükdü. Bu vəzifə dünyanı məhv olmaqdan qorumaqdı. Eybəcər hala salınmış, darmadağın edilmiş inqilablar, lazımsız yerə sürüklənən texnika, ölən allahlar və can verən idelogiyaların qarışığı olan, indiki adi hakimlərin inandırmağı yox, hər şeyi dağıtmağı bacardığı, ağlın nifrətə və zülmə tabe olduğu tarixin miras qaldığı nəsil yalnız özündən əvvəlkilərə etimadsızlıq göstərərək, özündə və ətrafındakı insanlarda ləyaqətlə yaşamağı və ölməyi bacarmaq hissini yenidən dirçəltməliydi. Məhv olmaq təhlükəsiylə üzləşən, bizim böyük inkivizitorların həmişəlik ölüm səltənətinə çevirə biləcəyi dünya qarşısında bu nəsil millətlər arasında köləliyə əsaslanmayan sülh yaratmaq, zəhmət və mədəniyyəti təzədən barışdırmaq və hamıyla birlikdə həmrəylik gəmisini düzəltmək vəzifəsini öz üzərinə götürür. Bu nəslin belə nəhəng vəzifənin öhdəsindən sona qədər gələcəyinə əmin deyiləm, ancaq onun yer üzündə həqiqətə və azadlığa artıq istinad etdiyinə və lazım gəlsə, bunlara görə öz həyatından keçməyə hazır olduğuna əminəm. Bu nəsil hər yerdə, xüsusilə də, özünü qurban verdiyi yerdə mədh olunmağa, mükafatlandırılmağa layiqdi. Və mənimlə səmimi-qəlbdən razılaşacağınıza bəri-başdan inandığıma görə, bu gün mənə göstərdiyiniz şərəf və ehtiramı məhz bu nəslə ünvanlamaq istəyirəm.
Nəcib yazıçılıq peşəsinə haqq qazandıraraq, mən indi həm də onun ictimai həyatda yerini müəyyənləşdirmək istəyərdim, çünki onun mübarizə yoldaşlarıyla bölüşə biləcəyi köməksiz, ancaq dözümlü, ədalətsiz, ancaq ədalətə vurğun, öz əsərlərini xəcalət çəkmədən, həm də lovğalanmadan yaradan, hamının gözü qarşısında həmişə əzab və gözəllik arasında vurnuxan və nəhayət, ikili ruhunun dərinliklərindən üzə çıxartdığı obrazları tarixin dağıdıcı tufanında inadla və əbədi olaraq təsdiq etməyə çalışan sənətkarın başqa titul və məəziyyətləri yoxdu. Bundan sonra kim ondan hazır qərarlar və sentimentallıq tələb etməyə cəsarət göstərər? Həqiqət müəmmalıdı, onun dərki çətindir, ona qovuşmağa can atmaq lazımdır. Azadlıq təhlükəlidir, ona sahib olmaq valehedici olduğu qədər də çətindir. Qoy çətinliklə olsun, ancaq daş-kəsəkli bu yolda bizi nə qədər büdrəmələr və uğursuzluqlar gözlədiyini əvvəlcədən bilsək də, bu iki məqsədə doğru qətiyyətlə irəliləməliyik. Bütün bunları başa düşən hansı yazıçı ətrafındakıların önündə yaxşılıq mücəssiməsi kimi çıxış etməyə cəsarət eləyər? Mənə gəlincə, bir daha təkrar eləyirəm ki, mən heç də elələrindən deyiləm. Mən heç vaxt həyatın sevinclərindən, göz açdığım azad həyatdan imtina eləyə bilməmişəm. Bütün bunlara həvəs mənim bir çox səhvlərimə, yanlışlıqlarıma səbəb olsa da, bu səhvlər öz sənətimi daha yaxşı anlamaqda mənə, şübhəsiz, həm də yardımçı olub, o indi də mənə kömək eləyir, vadar edir ki, yalnız xatirələr, ya ani xoşbəxtliklər sayəsində onlara bəxş edilən həyata dözə bilən, səssizliyə məhkum insanların qeyri-iradi olaraq arxalarınca gedim.
Beləliklə, nəyə qadir olduğumu, öz imkanlarımı, vəzifələrimi, həmçinin qarşıma qoyduğum məqsədi müəyyənləşdirəndən sonra, məni necə səxavətlə qiymətləndirdiyinizi ürək rahatlığıyla deyə bilərəm; həmçinin ürək rahatlığıyla bildirirəm ki, bu mükafatı mənimlə bir yerdə ümumi mübarizəmizin çətinliklərini bölüşən, ancaq heç nə əldə etməyən, əksinə, bədbəxtliyə düçar olan, təqib olunan adamların hamısına göstərilən bir ehtiram kimi qəbul edirəm. Sizə təşəkkürümü bildirirəm və hamının qarşısında minnətdarlıq əlaməti olaraq, hər bir əsl sənətkarın hər gün ürəyində etdiyi kimi, əbədi sədaqət andı içirəm.
1957.

Tərcümə: Saday Budaqlı


AFORİZİMLƏR

Alber Kamyunun aforizmləri
Azadlıq imtiyaz yox, ilk əvvəl məsuliyyət deməkdi.
Azad o kəsdir ki, yalan danışmağı bacarmır.
Həyatın ən böyük sualı insanlar arasında necə yaşamalı olmağındır.
Görürəm ki, insanların çoxu yaşamağın daha onlardan ötrü heç bir dəyər kəsb eləməyinə görə ölür. Və mən burdan belə nəticəyə gəlirəm ki, həyatın mənası ən mühüm məsələdi.
Məşhər gününü gözləməyin. O hər gün baş verir. Xoşbəxtliyə tələbat mənim üçün insan ürəyinin ən nəcib canatımıdır.
Nəzarət eləməyə başlayanda vaxt ləng gedir. Və o bizim unutqanlığımızdan istifadə edir. Hətta ola bilsin ki, iki zaman mövcuddu; bizim nəzarət etdiyimiz və bizi dəyişən zaman.
Dünyanın absurdluğunun bəraəti yalnız estetik baxımdan mümkündür.
Tanrının varlığını inkar etmək hələ o demək deyil ki, heç bir əxlaq da yoxdu.
Əbədi qayıdış əzabla barışın təzahürüdür.
Mükəmməllik olmayan yerdə xoşbəxtlik də yoxdu.
Yer üzündə elə bir şey var ki, ələ nadir hallarda düşsə də ona həmişə can atılmalıdı. Bü, insan nəvazişidi.
Günah başlanğıcı olmadan insan yaşaya bilməz. İlahi başlanğıcsız isə birtəhər keçinə bilər. Ölümsüzlük perspektivsiz ideyadı.
Həyata ümidsizlik olmasa, həyata məhəbbət də olmaz.
Özün üçün büdpərəst, digərləri üçün xristian olmaq hər bir insanın instinktiv meylləndiyi bir halədir.
«Təcrübdən» keçirilməsi vacib olan bir sual: eyni vaxtda həm tənha, həm də xoşbəxt olmaq mümküdürmü?
Öyun və qəhrəmanlıq əsl mənasını ölum anında alır.
İnsanı heyvandan fərqləndirən əsas cəhət təsəvvürdü.
Çoxları üçün müharibə tənhalığın sonu deməkdi. Mənim üçün isə bu, tənhalığın yekunudu.
Öldürmək azadlığına qarşı qoyulması mümkün olan yeganə azadlıq ölmək azadlığıdır. Yəni, ölüm qorxusundan azad olmaq və bu bədbəxt hadisəyə təbiətdə yer verə bilmək.
Əgər böyük dərd içində olan insanın üzünə xoşbəxtlik gülüpsə, o, bunu gizləyə bilmir. O, xoşbəxtliyin üzərinə elə atılır ki, sanki onu bərk-bərk bağrına basıb qısqanclıqdan boğmaq istəyir.
Əgər həqiqətən də sevgiyə layiq olanları səmimi şəkildə sevib, öz məhəbbətini xırdalıqlara, axmaqlıqlara, boş şeylərə xərcləməsən, öz həyatını yavaş-yavaş işıqlı eləyib güclü ola bilərsən.
İnsan öz ölümü üzərində hakimi-mütləqdi. Biz bir-birimizlə yanaşı yaşamaq üçün doğulmuşuq. Amma sırf özümüz üçün ölürük.
İnsan qorxaqlarla əhatə olunanda özünü tənha hiss edir.
Bu həyat bütün mənalardan xalidi. Bunu dərk edən insan azadlıq qazanır.
İnsan əsl simasından imtina edən yeganə canlıdı.
Ağlın sərhədlərini bilmək dahilikdi.
«Sizif haqqında əsatir»dən

Tərcümə: YAŞAR

DİGƏR MƏQALƏLƏR