SERVANTES MÜKAFATI LAUREATLARI - Migel Delibes

Migel Delibes (1920-2010) vətəndaş müharibə­sin­dən sonrakı ispan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Qırmızı yarpaq” (1959), “Siçovullar” (1962), “Beş saat Mario ilə birlikdə” (1966), “Atalarımızın müharibəsi” (1975), “Senyor Kayo kimə səs verəcək” (1978) və bir çox başqa əsərlərin müəllifidir. “Servantes” mükafatına (1993) layiq görülən yazıçı “Kafir” romanına görə isə 1998-ci ildə Nobel mükafatına namizəd göstərilib. “Sərsəm” romanı 1953-cü ildə çap olunub.

 

Tərcümə edən Saday Budaqlı

***

SƏRSƏM

roman

 

Əziz Davisito! Mənim biçarə Davisitom! Bax yenə sənə məktub yazıram. Təkcə sən tərs deyilsən, bu, ikimizə də anamızdan keçib; hər halda, qardaşlar arasında belə hal yaxşı deyil, əgər sən mənim yanıma gəlməsən, mən sənin yanına gələcəyəm, axırda yenə eyni şey alınacaq. Bunları Sançesə danışanda, o dedi: “Nədi, başın xarab olub? Ona üz vermək lazım deyil”. Mənsə cavab verdim: “Biz axı qardaşıq”. – “Fərqi yoxdu”, – Sançes dedi. Davisito, nə gizlədim, bir az fikirləşdim, yalnız Aurita deyəndə ki: “Doğma qardaşına bir-iki kəlmə yazmaq nə böyük işdi?”, onda düşündüm: “Axı o, doğru deyir”.

Davisito, son vaxtlar heç özümdə deyiləm. Hələ də baş aça bilmirəm həqiqət hardadı, yalan harda. Bircə onu bilirəm ki, dəhşətli dolaşıqlıq olub, onun ucbatından hər şey dəyişib.

Otur, Davisito, siqaret çəkmək istə­yir­sən, çək (şəxsən mən məsləhət görmürəm, burda çoxdan hesab edirlər ki, siqaret xərçəng yaradır) və diqqətlə oxu, bacardığım kimi hər şeyi sənə izah elə­yərəm.

Hər şey 13 oktyabr axşamı kontordan dilxor halda çıxanda başladı, lap uşaqlıqdan payızda özümü nədənsə gücsüz hiss eləyirəm. Şəhərin mərkəzi həmin vaxt əhvalımı yaxşılaşdırmadı, nəsə adamı sıxır, kədərləndirirdi, ona görə, ya bəlkə Allah belə istədi, soldakı ilk tinə buruldum. Mənə elə gəlir, rahatlığım üçün bu cür hərəkət elədim, ancaq sonra fikirləşdim ki, buna insanlarla hadisələr arasında hərdən yaranan gizli cazibə qüvvəsi günahkardı. Bir xeyli hara gəldi getdim və gəlib kimsəsiz bir dalana dirəndim. Bu yerdə közərən lampanın altındakı “Çaxır zirzəmisi” yazılmış lövhəyə gözüm sataşdı, fikirləşdim: “Bəlkə bir stəkan içim?” İşə bax, Davisito, nə qədər təsadüf olar: axı mən çaxır xoşlamıram, heç vaxt dərdimi qədəhlə ovutmamışam, lazım olmayan yerdə içənlərisə qınayıram; indi demə ki, qardaşın içki düşkünüdü. İntəhası, zirzəmiyə girib uzun stolun arxasında oturaraq ağ çaxır sifariş verdim.

Saçları hamar daranmış barmenlə kiminsə piştaxtanın arxasında içə-içə söhbət elədiyini dərhal sezmədim. Bu adam pəzəvəngin biriydi. Qara paltosu, sardelkanın üstünə çəkilmiş nazik pərdə kimi, əyninə kip oturmuşdu. Paltonun altından dizləri torbalanmış şalvarı görünürdü. Əllərini ağır-ağır yellədərək danışsa da, hərəkətlərində fil təmkini və ləngərliyi var idi. Ancaq, Davisito, hər şeydən çox onun üzü məni heyrətə saldı; gözünün biri çəp idi, bəbəkləri bir yerdə dayanmırdı. Elə bu bozumtul, az qala, ağ, sulanmış gözlər məni diksindirirdi. Üzünün solğunluğundan dodaqları çox parıltılı görünürdü, susanda isə alt dodağı artıq ət kimi sallanırdı.

 

III

Elə karıxdım ki, hətta bir qurtum da almadan stəkanı təzədən stola qoydum. Davisito, həmin dəqiqə mənimlə nəsə anlaşılmaz bir şey baş verdi. Sanki indiki həyatım əvvəlki həyatımla birləşdi. Qəribədi, hə?

Həmin dəqiqə nələr keçirdiyimi sənə necə çatdıracağımı düşünəndə yenə ətim ürpəşdi; çox çətin və ağırdı. Bir sözlə, uzağa niyə gedək, yəqin, sənin də başına belə şeylər gəlib. Davisito, bax, sanki hansısa sözü ilk dəfə eşidirsən, ya hansısa şəkli ilk dəfə görürsən, ancaq hiss eləyirsən ki, sözlə, ya şəkillə bağlı duyğunu əvvəllər artıq yaşamısan, di gəl başını divara çırpsan da bunun nə zaman olduğunu xatırlaya bilməzsən, lap yuxuda görmüş olsan da yenə xatırlaya bilməzsən. Bircə onun “təkrar” olduğunu bilirsən və bu yerdə başlayırsan tərəddüd eləməyə: belə şeyin sənin başına ilk dəfə gəldiyinə qətiyyən şübhə eləmədən həmin sözü indiki kimi eşitdiyin, ya həmin şəkli gördüyün keçmiş həyatın olmayıb ki? İndi öz-özünə deyirsən: “Bu mənim üçün heç də təzə şey deyil”.

Boynuna al, Davisito, olub axı? Nə qədər baş işlətsən də xeyri yoxdu, şübhələr içində qalacaqsan. Sonra unudursan, qurtarıb gedir. Sirrin açılmaması qüssə yaradır və sən təslim olursan. Bax belə, Davisito, həmin adamı görəndə buna oxşar, ancaq daha ağrılı, daha həyəcanlı hisslər keçirdim, bu adama baxmaq ürək bulandırsa da, baxışlarımı ondan ayıra bilmirdim, elə bil onun gözləri məni çəkirdi, ya iradəmi əlimdən alıb, necəsə, hipnoz eləyirdi.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR