AFORİZMLƏR VƏ SİTATLAR - Stanislav Yeji Lets

1909-cu ilin martında Lvovda doğulan Stanislav Yeji Lets ağır həyat keçirib; dörd yaşında ikən atasını itirib, anasının himayəsində boya-başa çatıb. Öncə gimnaziyada, sonra Lvov universitetinin hüquq fakültəsində təhsil alıb. 1933-cü ildə futurist şeirlərdən ibarət ilk kitabı nəşr edilib. İkinci dünya savaşı illərində cəbhəyə yollanan və bir neçə dəfə həbs edilən yazıçı Ternopol düşərgəsində olmazın əzablara qatlaşıb; iki dəfə möcüzə nəticəsində ölümdən yaxa qurtarıb. 1943-cü ildə ölüm düşərgəsindən qaça bilib və yenidən faşizmlə mübarizəsini davam etdirib. Letsin müharibədən sonrakı iyirmi ildə on kitabı çapdan çıxıb. Bununla belə, qəribədir ki, yazıçını bütün dünyaya tanıdan onun şeir və nəsr kitabları yox, məhz üzərində otuz il çalışdığı "Cilalanmamış fikirlər" olub.

Polyak yazıçısının bir çox xalqların dilində zərb-məsələ çevrilmiş aforizmlərindən bir qismini "Xəzər"in oxucularına təqdim edirik.

Tərcümə: Mahir N.Qarayev

 


CİLALANMAMIŞ FİKİRLƏR

♦ Dahiyanə fikirdən bütün sözləri çı­xarmaq mümkündür.
♦ Meymunun insana çevrilməsi prosesi nə qədər çox çəksəydi, insan qanı bir o qədər az axardı.
♦ Cənnətdə hər şey olmalıdır. Hətta cəhənnəm də.
♦ Ən sərrast atəş - atıb insana dəy­məməkdir.
♦ Möhtərəm yazıçılar! Mürəkkəblə yox, qanla yazmaq lazımdır - bir şərtlə ki, özgə qanı olmasın.
♦ Ölümsüzlüyün birinci şərti - ölməkdir.
♦ Fakt son dəblə geyinsə belə, yenə həmişə çılpaqdır.
♦Onun hətta susmağında da qrammatik səhvlər vardı.

 


Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

 

DİGƏR MƏQALƏLƏR